44 gün davam edən Vətən müharibəsində ölkəmizdə yaşayan, Azərbaycan
vətəndaşı olan bütün xalqların nümayəndələrinin yaxından iştirak etdiyi və
düşmən üzərində qazanılan Qələbəyə öz töhfəsini verdiyi hər birimizə məlumdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi: “Bütün
Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq
kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər”.
“Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı milliyyətcə ləzgi olan
və Vətən müharibəsində ağır yaralanaraq sol qolunu itirən cəsur silahdaşımız
çavuş Abuyev İlkin Elxan oğludur.
Çavuş İ.Abuyev 1998-ci il avqustun 29-da Qusar rayonunun Atluxan
kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Atluxan kənd tam
orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2016-2018-ci illərdə
Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi
hissəsinin komendant bölüyündə keçib. Hələ uşaq yaşlarından hərbi xidmətə böyük
marağı olduğundan, Daxili Qoşunların Hacıqabul rayonundakı “N” saylı hərbi
hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi
xidmətdə qalaraq, Vətən qarşısında olan şərəfli borcunu yerinə yetirməkdə davam
edib.
2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək qardaş
Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbi və
Təlim Mərkəzi Komandanlığında keçirilən “Gizir komando təməl kursu”nda təhsil
alıb.
2020-ci ilin fevral ayından Daxili Qoşunların Lənkəran rayonunda
yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam etdirən çavuş İ.Abuyev
yaralandığı günədək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı kimi
vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş
hazırlığı, hərbi intizamı və müsbət fərdi keyfiyyətləri ilə fərqlənən hərbi
qulluqçu kimi hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə
mükafatlandırılıb.Bir xüsusi təyinatlı kimi müqəddəs torpaqlarımızı düşmən tapdağından
azad etmək uğrunda başlayacaq döyüşlərdə fəal iştirak etmək İlkinin də ən böyük
arzularından biri olub. Vətən uğrunda bu gün də canından keçməyə hazır olduğunu
deyən silahdaşımız Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi
əməliyyatlarda fəal iştirak edib. İlk döyüşü isə 2020-ci il oktyabrın 17-də
Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub: “Burada düşmənin “Beton
post” deyilən möhkəmləndirilmiş mövqeləri istiqamətində baş vermiş şiddətli
döyüşdə dəstəmizin cəsur hərbi qulluqçularından kiçik gizir Anar Məmmədov
qəhrəmancasına şəhid oldu, digər silahdaşımız çavuş Elvin Abbasov isə ağır
yaralandı. Lakin buna baxmayaraq, düşməni məhv edərək strateji əhəmiyyətli
mövqelərini tutmağa müvəffəq olduq. Bundan sonrakı döyüş tapşırığımız isə
Şuşanın azad olunması oldu.
Şuşa istiqamətində təxminən 4-5 gün piyada, düşmənin xəbəri belə
olmadan, çətin keçilə bilən dağlıq-meşəlik, sıldırım qayalıq yollarla irəliləməli
olduq. Nəhayət, çətinliklə da olsa, qrup komandirimiz kapitan Taleh Rüstəmlinin
rəhbərliyi altında təyin olunmuş vaxtda, qarşımıza qoyulan tapşırığa uyğun
olaraq, şəhər ətrafındakı yüksəklikdə mövqe tutduq və növbəti əmri gözləməli
olduq. Dəhşətli dərəcədə yorulmuşduq. Səhər alaqaranlıqda düşmən üzərinə hücuma
keçməli idik. Lakin gecə saatlarında olduğumuz mövqelər və ətraf ərazilər
ermənilər tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən tank və
minaatanlardan güclü atəşə məruz qaldı. Bu vaxt yerimi dəyişmək istəyirdim ki,
yanıma düşən tank mərmisinin qəlpəsi sol qolumu ağır yaraladı. Şiddətli ağrıdan
sanki bir anlıq başıma mismar batırdılar. Əvvəl nə baş verdiyini bilmədim.
Sonra baxıb gördüm ki, sol qolum yoxdur. Bir tərəfdən zülmət qaranlıq, digər
tərəfdən də yağış leysan kimi tökürdü. Göz-gözü görmürdü. Atıcı-sanitarlardan
çavuş Famil Məmmədov (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən
döyüşlərdə yaralanıb), çavuş Zeymud Mustafayev və qoşunların Sumqayıt
şəhərindəki “N” saylı hərbi hissənin hərbi qulluqçusu çavuş Tahir Babayev mənə
ilkin tibbi yardım göstərərək, ağrıkəsici iynə vurub, jqutla qanaxmamı
dayandırıb, yaramı tənziflə sarıdılar.
Sonra döyüşçü yoldaşlarımın köməyi ilə məni yaralılarımızın
saxlanıldığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra,
noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə,
burada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə
Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər”.
İlkini üzən ən ağrılı hadisə isə yaralandığı zaman birgə xidmət
etdiyi iki döyüşçü yoldaşının onun yanında eyni anda həlak olmasıdır: “Çox
təəssüflər olsun ki, mən yaralandığım vaxt dəstəmizin cəsur döyüşçülərindən baş
çavuş Allahyarov Vüsal Şakir oğlu və çavuş Orucov Afər Yafət oğlu düşmənin
atdığı tank mərmisinin partlaması nəticəsində eyni anda şəhid oldular. Bundan
əlavə, bu döyüşdə dəstəmizin digər cəsur hərbi qulluqçusu, mənim də ən yaxın
dostum olan əsgər* Məmmədov İsmayıl Fərhad oğlu gözlərini əbədi yumaraq
şəhidlik zirvəzinə yüksəldi”.
Vətən uğrunda sol qolunu itirən cəsur qazimizin təsəllisi isə dəmir
yumruqtək birləşərək,düşməni məğlubiyyətə uğradaraq müqəddəs torpaqlarımızı
azad etməyimizdir: “Çox şükürlər olsun ki, bizə Qələbə sevinci yaşamaq nəsib
oldu. Qalib ölkənin vətəndaşı olmağımla yalnız qürur duyuram”.
Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli,
25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə
çavuş Abuyev İlkin Elxan oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”
və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Daxili Qoşunların “N” saylı hərbi hissəsinin “Gürzə” şərti adını
daşıyan xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunun komandiri, “Füzulinin
azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə”
medalları ilə təltif edilmiş kapitan Taleh Rüstəmli (Vətən müharibəsi zamanı
Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) çavuş İ.Abuyevin qrupun nümunəvi
xidmət edən fəal atıcısı olması ilə yanaşı, həm də döyüş meydanında əsl
vətənpərvər hərbi qulluqçusu kimi özünü təsdiq etdiyini bildirdi: “Dəstəmizin Vətən
müharibəsində öz qorxmazlığı və mərdliyi ilə əsl qəhrəmanlıq nümunəsi göstərən
qazi hərbi qulluqçularından biri də çavuş İlkin Abuyevdir.
Dəstəmizdə xidmətə başladığı qısa bir müddətdə vətənpərvərliyi,
yüksək döyüş hazırlığı, peşəkarlığı, nümunəvi intizamı ilə bütün kollektivin
hörmətini qazanıb. Çavuş İ.Abuyevin Vətən müharibəsi zamanı göstərdiyi şücaət
nəinki xüsusi təyinatlılar, eləcə də bütün hərbi qulluqçular üçün örnəkdir.
İlkin kimi cəsur qazi hərbi qulluqçularımızla qürur duyur, tezliklə hər birinin
sağlamlıqlarına qovuşmalarını arzulayırıq”.
Məlumat üçün bildirək ki, “APA” TV saytının “YouTube” internet
portalı vasitəsilə yayımlanan xəbər proqramında, jurnalist Sevinc Vaqifqızının
təqdimatında “Qolunu itirən xüsusi təyinatlı: Şuşaya doğru 4-5 gün piyada yol
getdik” adlı süjetdə çavuş İ.Abuyevin döyüş yolu barədə izləyicilərə məlumat
verilib.
Sonda Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin çıxışlarının birində qazilər barədə səsləndirdiyi çox dəyərli sözləri
qeyd etmək istəyirəm: “Yaralanan əsgərin yarası hər bir azərbaycanlının
yarasıdır”.
Adını şanlı hərb tariximizə öz fədakarlığı ilə yazan cəsur qazimizə
bundan sonrakı həyatında uğurlar diləyirik.
mayor Anar
Əhmədov,Daxili Qoşunların Mətbuat xidmətinin rəisi